Yardımlı və Biləsuvarda Fermerlərin Maliyyə Savadlılığının Artırılması Təlimi

08/11/2019

Yardımlı və Biləsuvarda Fermerlərin Maliyyə Savadlılığının Artırılması Təlimi


Aİ və AYİB-in birgə layihəsi olan AZAFF çərçivəsində mütəxəssislər fermerlərin maliyyə savadlılığı mövzusunda regional tədbirləri həyata keçirimək üçün Lənkəran və Aran iqtisadi rayonlarına səfər ediblər.


Artıq dörd ildən çox müddətdir ki, ölkəmizdə uğurla həyata keçirilən AZAFF layihəsi çərçivəsində fermerlərin maliyyə savadlılığına həsr olunmuş növbəti iki seminar Lənkəran və Aran iqtisadi rayonlarında təşkil olunmuşdur. Təlimlər 7 və 8 Noyabr, 2019 tarixlərində Yardımlı və Biləsuvar rayonlarında olmaqla Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin dəstəyi ilə həyata keçirilmişdir.

Planlaşdırmanın vacibliyi, təsərrüfat əməliyyatları üzrə qeydlərin aparılması, əmanət və kredit məhsullarının əsas göstəriciləri, kredit təşkilatlarının rolu və funksiyaları, onlarla uzun müddətli və dayanıqlı əlaqələrin qurulması, fermerlər üçün alternativ maliyyələşmə imkanları, maliyyə planlaması, kənar maliyyələşməyə ehtiyacın və düzgün müddətin seçilməsi, gələcək nağd pul dövriyyəsinin və gəlirliliyin (ümumi və hər məhsul üzrə) təyin olunması təlimin əsas mövzuları idi. Hər iki təlim fermerlər tərəfindən böyük maraqla qarşılanmış və ümumilikdə 40-dan çox yerli və ətraf rayonlardan cəlb olunan fermerlər iştirak etmişdir.

İlk tədbir 7 Noyabr 2019-cu il tarixində Yardımlıda həyata keçirilmişdir. Tədbiri giriş sözü ilə açan layihənin aparıcı eksperti İlqar Tağıyev, AZAFF layihəsi və komanda üzvləri haqqında fermerlərə qısa məlumat verdi. Layihənin digər aparıcı eksperti Rauf Ağayev isə öz çıxışında bildirdi ki, bu tip seminarlar fermerlərin maliyyə savadlılığını artıraraq istər ailə büdcəsi, istərsə də banklarla münasibətlərinin yaxşılaşdırlmasında mühüm rol oynayır. Tədbirdə fermerlərə maliyyə, ailə büdcəsi, əmanətlər və kreditlər üzrə vacib məlumatları əks etdirən xüsusi tədris vəsaiti də təqdim olundu.

Növbəti təlim 8 Noyabr 2019-cu il tarixində Biləsuvarda təşkil olundu. Təlimin əsas məqsədi fermerlərə büdcənin tutulmasının və maliyyə məsələləri üzrə düzgün qərarların verilməsinin əhəmiyyəyini vurğulamaq idi. Fermerlər təlim müddətində öz mövcud problemlərini ekspertlərlə müzakirə etdilər. Onlar həmçinin qeyd etdilər ki, bu və digər mövzular üzrə biliklərin artırılması və bu tip tədbirlərin silsilə hal kimi həyata keçirilməsi çox önəmlidir.

Hər iki təlimin sonunda iştirakçılar sertifikatlarla təltif olundular. AZAFF layihəsi çərçivəsində maliyyə savadlılığının artırılmasına dair təlimlərin növbəti aylar ərzində həyata keçirilməsi nəzərdə tutulur.



Bütün Xəbərlər Bax

Tərəfdaşlarımız


Texniki Yardım Dəstəyi Avropa İttifaqı Qonşuluq və Tərəfdaşlıq Aləti tərəfindən maliyyələşdirilir.


Layihə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən maliyyələşdirilir.


Layihə daxilində göstərilən texniki yardım dəstəyi "Frankfurt School of Finance & Management" tərəfindən həyata keçirilir.